Premium smartfon satışlarının artımı Xiaomi səhmlərini bahalaşdırıb

Premium smartfon satışlarının artımı Xiaomi səhmlərini

Xiaomi şirkətinin səhmləri smartfon biznesinin üçüncü rübdə gözləntiləri üstələməsindən sonra bu gün 8%-dən çox bahalaşıb. Çin texnologiya nəhəngi yaddaş çiplərinin bahalaşmasının yaratdığı təzyiqi daha yüksək qiymətli cihazların satışını artırmaqla kompensasiya etməyə çalışır.

Sentyabrda başa çatan rübdə smartfon satışından əldə olunan gəlir demək olar ki, dəyişməyib. Bu nəticə analitiklərin proqnozlaşdırdığı 6%-lik azalmadan xeyli yaxşı olub. Şirkətin səhmləri son üç həftəyə yaxın müddətdə ən güclü gündəlik artımını qeydə alıb.

Xiaomi cihazlarının orta satış qiyməti təxminən 40% artaraq rekord səviyyəyə yüksəlib. Bu göstərici premium seqmentdə satışların genişləndiyini göstərir.

Daha bahalı modellərə üstünlük verilməsi şirkətə standart yaddaş çiplərinin qıtlığının təsirlərini azaltmağa imkan verir. Süni intellekt (Sİ) məlumat emalı mərkəzlərinin yarımkeçiricilərə artan tələbatı təchizat zəncirinə təzyiq göstərir və məişət elektronikası istehsalçılarının xərclərini artırır.

Xiaomi-nin üçüncü rübün sonunda təqdim etdiyi yeni Xiaomi 18 Fold modelinin qiyməti 10 min yuanı (1 500 dollar) ötür. Bu, cihazı Apple-ın premium smartfonları və Huawei-nin rəqib modelləri ilə eyni qiymət seqmentinə çıxarır.

Bununla belə, şirkətin ümumi maliyyə göstəriciləri təzyiq altında qalır. Sentyabrın sonunadək üç ay ərzində gəlir illik müqayisədə 5,2% azalaraq 107,2 milyard yuan təşkil edib. Buna baxmayaraq, azalma analitiklərin gözləntilərindən zəif olub. Xalis mənfəət isə 68% geriləyərək 3,9 milyard yuana düşüb.

Xiaomi-nin elektromobillər və süni intellekt istiqamətlərini əhatə edən bölməsi hesabat dövründə 3,4 milyard yuan zərər edib. Şirkət rəhbərliyi bunu süni intellektə investisiyaların artırılması ilə izah edib.

Avtomobil tədarükü də illik müqayisədə 7% azalaraq 100 975 ədəd olub. Bununla belə, Xiaomi 2027-ci ilin üçüncü rübündə Almaniya bazarına çıxmaq planlarını təsdiqləyib. Şirkət Avropa İttifaqının son ticarət məhdudiyyətlərinin beynəlxalq genişlənmə strategiyasına ciddi təsir göstərməyəcəyini bildirib.

Elektromobillərə tələbatın zəifləməsi fonunda şirkət avtomobil satışlarını dəstəkləmək üçün yeni hibrid yolsuzluq avtomobilləri xəttinə, o cümlədən SkyNomad modelinə ümid edir.

Xiaomi prezidenti Lu Veybin isə artan istehsal xərcləri ilə istehlakçıların alıcılıq qabiliyyəti arasında tarazlıq yaratmaq üçün qiymət siyasətinin tənzimlənəcəyini bildirib.

MONETAR.AZ