Mis 15 min dollardan 11500 dollara düşdü - Bazarda “ayı” ssenarisi

Mis 15 min dollardan 11500 dollara düşdü -

Mis bazarında qiymətlər kəskin eniş fonunda ayın ən zəif nəticələrindən birinə yaxınlaşır. Süni intellekt sektoruna dair gözləntilərin dəyişməsi, Çində tələbin azalması narahatlığı və ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı ehtimalı metalın qiymətinə təzyiq göstərir.

Monetar.az xəbər verir ki,  London Metal Birjasında misin bir tonunun qiyməti çərşənbə günü 11 571 dollara qədər geriləyib. Bu, dekabrın ortalarından bəri qeydə alınan ən aşağı göstəricidir.

Misin qiymətində sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 20%-dən çox azalma baş verərsə, metal texniki baxımdan "ayı bazarı" zonasına daxil olacaq. Sentyabrda misin bir tonunun qiyməti 15 min dollara yaxınlaşaraq rekord səviyyəyə yüksəlmişdi.

Qiymətlərin enməsi qısamüddətli təklif çatışmazlığına baxmayaraq baş verir. Bazarda əsas narahatlıqlar süni intellekt sahəsindəki investisiya bumunun davamlılığı, Çində sənaye istehlakının zəifləməsi və ABŞ-da faiz dərəcələrinin artırılması ehtimalı ilə bağlıdır.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp administrasiyasının mümkün yeni ticarət məhdudiyyətləri də emal sənayesində istifadə olunan xammala tələbin perspektivlərini qeyri-müəyyən edir.

Qeyd edək ki, misin bahalaşmasında məlumat mərkəzlərinin tikintisi və süni intellekt infrastrukturuna artan tələbat mühüm rol oynamışdı. Lakin texnologiya şirkətlərinin səhmlərində başlayan eniş metal bazarına da təsir göstərib. Əgər qiymətlər ayın sonunadək hazırkı səviyyələrdə qalarsa, noyabr mis bazarı tarixində ən zəif aylardan biri kimi qeydə alına bilər.