Dünyada kənd təsərrüfatı üçün istifadə olunan torpaqların ümumi sahəsi 46 milyon kvadrat kilometrdən çoxdur. Bu ərazilərin təxminən dörddə biri ABŞ, Çin və Avstraliyanın payına düşür. Maraqlı məqam ondan ibarətdir ki, əkin sahələrinin həcmi ilə ümumi kənd təsərrüfatı torpaqlarının sahəsi ölkələr üzrə fərqli mənzərə yaradır.
Monetar.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyanın ən böyük kənd təsərrüfatı torpaqlarına malik ölkəsi ABŞ-dır. Ölkənin bu kateqoriyaya daxil olan ərazilərinin sahəsi 1,63 milyon kvadrat mil təşkil edir.
Çin 1,51 milyon kvadrat mil ilə ikinci, Avstraliya isə 1,40 milyon kvadrat mil ilə üçüncü yerdə qərarlaşıb. İlk üç ölkənin dünya üzrə kənd təsərrüfatı torpaqlarındakı ümumi payı təxminən 25,2%-dir.
Braziliya 920 min, Rusiya və Qazaxıstanın hər biri 830 min kvadrat mil göstərici ilə növbəti yerləri bölüşür. Hindistan 690 min kvadrat mil ilə yeddinci, Səudiyyə Ərəbistanı isə 680 min kvadrat mil ilə səkkizinci yerdədir.
Azərbaycanın ümumi ərazisinin 57,8%-i kənd təsərrüfatı torpaqları kimi təsnif edilir.
Araşdırmanın diqqətçəkən məqamlarından biri Hindistan və Səudiyyə Ərəbistanı arasındakı fərqdir. Hər iki ölkə ümumi kənd təsərrüfatı torpaqlarının sahəsinə görə ilk onluqda yer alsa da, Hindistanda bu ərazilərin təxminən 94%-i əkin sahələrindən ibarətdir. Səudiyyə Ərəbistanında isə kənd təsərrüfatı torpaqlarının 3%-dən az hissəsi əkin sahələridir. Ölkənin göstəricisində əsas payı daimi otlaqlar və biçənəklər təşkil edir.
Qitələr üzrə bölgüdə Asiya 32,5%-lə dünya kənd təsərrüfatı torpaqlarının ən böyük hissəsinə sahibdir. Afrikanın payı 25,3%, Şimali Amerikanın 12,9%, Cənubi Amerikanın 11,6%, Avropanın 9,7%, Okeaniyanın isə 8%-dir.
Qeyd edək ki, araşdırmada kənd təsərrüfatı torpaqlarına həm əkin sahələri, həm də otlaq və biçənək əraziləri daxil edilib. Buna görə də bu göstəricilər birbaşa əkin üçün yararlı torpaqların həcmini ifadə etmir.