ABŞ administrasiyası aralarında Avropa İttifaqı, Çin, Yaponiya, Hindistan və Cənubi Koreyanın da olduğu 14 ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib. Qərar qlobal ticarətdə yeni gərginlik yarada bilər.
Monetar.az xəbər verir ki ,təklif olunan tədbirlər ABŞ-ın ticarət tərəfdaşlarının sənaye istehsalında artıq gücə malik olması ilə əsaslandırılır. Yeni araşdırmalar 1974-cü il Ticarət Aktının 301-ci bölməsi çərçivəsində aparılır.
Təklifə əsasən, Çin məhsullarına 20%-dək əlavə rüsum tətbiqi nəzərdə tutulur. Bu göstəricinin ticarət danışıqlarında razılıq əldə olunmadığı halda 40%-ə qədər yüksələ biləcəyi bildirilir.
Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya kimi tərəfdaşlar üçün isə əvvəlki ticarət razılaşmalarında müəyyən edilmiş 15%-lik həddin qorunması nəzərdə tutulur.
Yeni rüsumların 2027-ci ilin fevral və ya mart aylarında qüvvəyə minməsi ehtimal olunur. Təkliflər qüvvəyə minməzdən əvvəl müzakirə və dinləmələrdən keçməlidir.
İqtisadçılar hesab edirlər ki, gömrük rüsumlarının artırılması idxal məhsullarının qiymətinə və şirkətlərin xərclərinə təsir göstərə bilər.