Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır

Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması haqqında Fərman imzalayıb.

AZƏRTAC  xəbər verir ki, yeni qurum büdcə təşkilatı statusunda fəaliyyət göstərəcək. Mərkəzin yaradılmasında əsas məqsəd ölkədə meşə təsərrüfatının və tingçiliyin inkişafı, meşə ehtiyatlarının dayanıqlı idarə olunması, eləcə də meşəçilik sahəsində kadr potensialının gücləndirilməsidir.

Fərmana əsasən, Mərkəz meşəçilik üzrə təlimlər təşkil edəcək və keçirəcək, meşə bitkilərinin toxum gen bankını yaradaraq idarə edəcək, toxum nümunələrinin qorunub saxlanılmasını və meşə bitkiləri tinglərinin yetişdirilməsini təmin edəcək.

Nazirlər Kabinetinə iki ay müddətində Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiqləmək, habelə onun maddi-texniki təminatı ilə bağlı tədbirlər görmək tapşırılıb. Bu zaman dövlət maliyyəsinin səmərəli idarə edilməsinə dair 2025-ci il 25 avqust tarixli Prezident Fərmanının müvafiq müddəası da nəzərə alınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə iki ay ərzində Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiq etməlidir.

Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.