İngiltərə Bankının üzvü faizlərin daha sürətlə artırılmasını istəyir

İngiltərə Bankının üzvü faizlərin daha sürətlə

İngiltərə Bankının Pul-Kredit Siyasəti Komitəsinin üzvü Meqan Qrin Yaxın Şərqdəki münaqişənin davam edəcəyi təqdirdə Böyük Britaniyada faiz dərəcələrinin daha sürətlə artırılmasının vacib olduğunu bildirib. O, yaxın vaxtlarda dayanıqlı sülh sazişinin əldə olunacağına isə şübhə ilə yanaşır.

Londonda “Signum” şirkətinin təşkil etdiyi dəyirmi masada çıxış edən Qrin xəbərdarlıq edib ki, İngiltərə Bankı mövcud iqtisadi proseslərin təsirinə reaksiya verməkdə bir qədər gecikir.

Mərkəzi bank bu ayın əvvəlində son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb. Lakin tənzimləyicinin sərt pul-kredit siyasətini dəstəkləyən üzvlərindən biri olan Qrin hələ iyun ayından etibarən faiz artımının tərəfdarı kimi çıxış edir.

“İqtisadi məlumatlarda və ya müharibə ilə bağlı vəziyyətdə gözlənilməz müsbət dönüş baş verməzsə, pul-kredit siyasətinin sərtləşdirilməsini davam etdirməyi məqsədəuyğun hesab edirəm”, – deyə o bildirib.

Qrin qeyd edib ki, onu xam neftin qiymətindən daha çox neft məhsullarının bahalaşması narahat edir. Onun sözlərinə görə, yanvar ayında Böyük Britaniyada elektrik enerjisi tariflərinin daha 26 faiz artacağı gözlənilir. Avtomobil yanacağının qiymətləri müəyyən qədər azalsa da, hələ də yüksək səviyyədə qalır.

Komitə üzvü Yaxın Şərqdə müharibəyə son qoyacaq dayanıqlı və etibarlı diplomatik razılaşmanın əldə olunması ehtimalını çox aşağı qiymətləndirib. Bununla belə, belə bir ssenarinin tamamilə istisna edilmədiyini vurğulayıb. Qrinin fikrincə, yalnız bu cür müsbət dönüş faiz artımlarının davam etdirilməməsi üçün əsas yarada bilər.

İngiltərə Bankı faiz dərəcələrinin növbəti dəfə artırılması ilə bağlı qərarını dekabrın 17-də keçiriləcək iclasda verəcək. Hazırda maliyyə bazarları dərəcənin 0,25 faiz bəndi artırılması ehtimalını təxminən 80 faiz qiymətləndirir.

Qrin Böyük Britaniyanın əmək bazarında mövcud ehtiyat imkanlarının artıq maksimum həddə çatdığı barədə mövqeyini də təkrarlayıb. Onun fikrincə, əmək bazarında vəziyyətin sərtləşməsi gələn il işçilərin daha yüksək əməkhaqqı artımı əldə etməsi ehtimalını gücləndirir.

“Ən çox əhəmiyyət verdiyim qabaqlayıcı göstəricilər əməkhaqqı artımının təxminən 3,5 faiz səviyyəsində ilişib qaldığını göstərir. Bu isə inflyasiyanın hədəf göstəricisinə uyğun gələn səviyyədən yüksəkdir”, – deyə Qrin bildirib.

O əlavə edib ki, əmək məhsuldarlığının yüksəlməsi daha sürətli əməkhaqqı artımını dayanıqlı edə bilərdi. Lakin xammal və materialların bahalaşması bu prosesə əks istiqamətdə təsir göstərəcək.

Qrin hesab edir ki, inflyasiyanın əməkhaqqı və qiymətlər vasitəsilə iqtisadiyyatda ikinci dərəcəli təsirlərinin açıq şəkildə üzə çıxmasını gözləmək düzgün yanaşma deyil. Çünki həmin əlamətlər müşahidə olunana qədər pul-kredit siyasətində tədbir görmək üçün gec ola bilər.

MONETAR.AZ