Prezident İlham Əliyev ixrac əməliyyatları üzrə hesablaşmaların tənzimlənməsi və nəzarət prosedurlarının təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən, xarici ölkələrə mal ixracından əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil banklarda ixracatçıların hesablarına köçürülməsi qaydaları yenidən müəyyənləşdiriləcək.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, malların ixracı üzrə hesablaşma qaydalarına dair təkliflərini iki ay ərzində hazırlayaraq Mərkəzi Banka təqdim etməlidir.
Mərkəzi Banka tövsiyə olunub ki, təqdim edilən təklifləri nəzərə almaqla, xarici ölkələrə mal ixracı ilə bağlı hesablaşmaların aparılması qaydalarını dörd ay müddətində müəyyən etsin və bu barədə Prezidentə məlumat versin.
Yeni mexanizm çərçivəsində ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə Dövlət Gömrük Komitəsi nəzarət edəcək. Bu məqsədlə Komitə bütün ixracatçılar üzrə gömrük bəyannamələri, ixrac müqavilələri və mallarla bağlı digər aidiyyəti məlumatların “İntellektual gömrük” informasiya sistemi (İGİS) vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edəcək.
Müvəkkil banklar isə ixrac müqavilələri üzrə əldə olunan vəsaitin ixracatçıların hesablarına daxil olması, eləcə də vəsaitin vaxtında köçürülməməsi barədə məlumatları üç iş günü ərzində İGİS vasitəsilə Dövlət Gömrük Komitəsinə göndərməli olacaqlar.
Fərmanla ixrac hesablaşmalarının tənzimlənməsinə dair əvvəlki qaydalarda da dəyişiklik edilir. Belə ki, ixrac əməliyyatları üzrə hesablaşmaların “Valyuta tənzimi haqqında” qanuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun aparılması nəzərdə tutulur. Bununla əlaqədar əvvəlki qaydaların bəzi müddəaları ləğv edilir və terminoloji dəyişikliklər aparılır.
Bundan başqa, Nazirlər Kabineti ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin ixracatçıların Azərbaycandakı müvəkkil bank hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini yeni qaydalar qüvvəyə mindikdən sonra doqquz ay ərzində hazırlayaraq Prezidentə təqdim etməlidir.
Dəyişikliklər ixrac hesablaşmalarına dair yeni qaydalarla eyni gündə qüvvəyə minəcək.