Süni intellekt agentinin səhvi nəyə gətirib çıxara bilər?

Süni intellekt agentinin səhvi nəyə gətirib

Bir neçə avtonom süni intellekt (Sİ) agentinin qarşılıqlı fəaliyyəti informasiya təhlükəsizliyi sahəsində əlavə risklər yarada bilər. Belə ki, agentlərdən birinin yol verdiyi səhv və ya verdiyi yanlış təlimat digər sistemlərin də fəaliyyətinə təsir göstərə bilər.

Bu barədə TASS-a “SKB Kontur” şirkətinin süni intellekt təhlükəsizliyi şöbəsinin rəhbəri Sergey Jujqov bildirib.

Mütəxəssisin açıqlaması Kaliforniya ştatının Baş Prokurorluğunun “OpenAI” şirkətinə qarşı irəli sürdüyü iddialar fonunda diqqət çəkib. Daha əvvəl TASS xəbər vermişdi ki, Kaliforniya hakimiyyət orqanları avtonom Sİ-agentlərinin sınaqları zamanı təhlükəsizlik qaydalarının mümkün pozulması ilə bağlı “ChatGPT” çat-botunun yaradıcısı olan şirkətə qarşı iddia qaldırıb.

Məlumata görə, “Hugging Face” platformasına kiberhücum da daxil olmaqla, süni intellekt modellərinin iştirakı ilə təxminən 80 müdaxilə halı qeydə alınıb. Kaliforniya tərəfi “OpenAI” şirkətini ştat qanunvericiliyini pozmaqda və məhsullarının sınaqları zamanı yetərli təhlükəsizlik tədbirləri görməməkdə ittiham edir.

Jujqovun fikrincə, bir neçə agentin eyni mühitdə fəaliyyət göstərməsi riskləri daha da mürəkkəbləşdirir. Çünki sistemlərdən birində yaranan nasazlıq və ya yanlış göstəriş digər agentlərin qərarlarına və hərəkətlərinə sirayət edə bilər.

O qeyd edib ki, Sİ-agentinin nəzarətdən çıxması mütləq xarici müdaxilə nəticəsində baş vermir. Buna modelin öz səhvləri və ya tapşırığın düzgün formalaşdırılmaması da səbəb ola bilər. Buna görə də avtonom sistemlər tətbiq edilərkən onların hansı əməliyyatları yerinə yetirə biləcəyi və hansı səlahiyyətlərə malik olacağı əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir.

Ekspertin qənaətinə görə, Sİ-agentlərinin geniş tətbiqi korporativ infrastrukturlara girişə nəzarət sahəsində mövcud problemlərin təsirini də əhəmiyyətli dərəcədə artıra bilər. Bu səbəbdən avtonom sistemlərin təhlükəsizliyi yalnız ayrı-ayrı agentlərin deyil, onların qarşılıqlı fəaliyyətinin də nəzarətdə saxlanılmasını tələb edir.

MONETAR.AZ