2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatlar, eləcə də ayaqqabı istehsalı sahələrində ümumilikdə 520,9 milyon manatlıq məhsul istehsal edilib.
Monetar.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesində istehsal 50,9 faiz artıb. Bunun əksinə olaraq, geyim istehsalı 16,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı isə 3,6 faiz azalıb.
Statistik göstəricilər toxuculuq sənayesində artımın il ərzində davam etdiyini göstərir. Belə ki, yanvar-oktyabr aylarında bu sahədə istehsalın həcmi ötən ilin müvafiq dövrünün 150,9 faizinə çatıb. Ən yüksək artım tempi sentyabrda qeydə alınıb və 47,6 faiz təşkil edib.
Geyim istehsalında isə ilin ilk aylarında artım müşahidə olunsa da, avqustdan etibarən azalma başlayıb. Yanvar-iyul aylarında artım qeydə alınan bu sahədə avqustda istehsal 19,8 faiz, sentyabrda 17,5 faiz, oktyabrda isə 16,6 faiz geriləyib.
Dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında da dəyişkən dinamika qeydə alınıb. İlin ilk aylarında azalma ilə müşayiət olunan sahədə aprel-iyul aylarında artım baş verib. Lakin avqustda artım tempi zəifləyib, sentyabrda istehsal 1,9 faiz, oktyabrda isə 3,6 faiz azalıb.
