S&P Global-ın ilkin məlumatlarına əsasən, avrozonanın özəl sektorunda işgüzar fəallıq noyabr ayında mülayim artım nümayiş etdirib. Məcmu işgüzar fəallıq indeksi (PMI) oktyabr ayındakı səviyyəsini qoruyaraq 51,7 bənd təşkil edib.
Xidmət sektorunda işgüzar fəallıq indeksi əvvəlki ayın 51,4 bəndlik göstəricisindən 51,2 bəndə enib. Bu, son beş ayın ən aşağı səviyyəsidir. Emal sənayesində isə əks dinamika qeydə alınıb: ilkin istehsal indeksi 52,8 bənddən 53,3 bəndə yüksələrək son iki ayın maksimumuna çatıb. Sektorun ümumi işgüzar fəallıq indeksi də 52,7 bənddən 52,9 bəndə qalxıb.
Avrozonada istehsal artımının əsas hərəkətverici qüvvəsi Almaniya olub. Ölkənin emal sənayesi 2022-ci ilin martından bəri ən sürətli artım tempini nümayiş etdirib. Fransada isə vəziyyət fərqlidir: işgüzar fəallıq ardıcıl ikinci aydır azalır və son altı ayın ən kəskin geriləməsi qeydə alınıb. Almaniya ilə Fransa arasındakı göstərici fərqi son altı ilin maksimumuna yüksəlib.
Noyabrda avrozonada yeni sifarişlərin həcmi ardıcıl beşinci ay artıb. Bununla belə, artım tempi mülayim olaraq qalıb. Sifarişlərdəki yüksəliş emal sənayesində xidmət sektoru ilə müqayisədə daha nəzərəçarpan olub. Avrozona daxilində ticarət də daxil olmaqla, ixrac sifarişləri də artıb, lakin bu artım son üç ayın ən zəif tempi ilə müşayiət olunub.
Oktyabrda qeydə alınan cüzi azalmadan sonra məşğulluq səviyyəsi noyabrda ümumilikdə sabit qalıb. Emal sənayesində iş yerlərinin sayı son üç il yarımın ən sürətli tempi ilə artdığı halda, xidmət sektorunda ixtisarlar ikinci ay ardıcıl davam edib. Almaniya və Fransada da işçi heyətinin sayında azalma qeydə alınıb.
Xammal və materialların alınması ilə bağlı xərclər kəskin artmaqda davam etsə də, inflyasiya tempi son üç ayın minimumuna qədər zəifləyib. Məhsul və xidmətlərin satış qiymətləri hər iki sektorda avqust ayından bəri ən zəif templə yüksəlib. Almaniyada qiymət artımı həm sürətlənib, həm də kəskin olub. Fransada isə son səkkiz ayın ən zəif qiymət artımı müşahidə edilib.
Şirkətlərin növbəti 12 aya dair biznes gözləntiləri də pisləşib. İşgüzar əhval-ruhiyyə ardıcıl dördüncü aydır azalaraq may ayından bəri ən aşağı səviyyəyə düşüb. Xidmət sektorunda gələcəyə dair gözləntilər zəiflədiyi halda, emal sənayesində proqnozlar yaxşılaşıb. Fransada biznesin pessimist əhval-ruhiyyəsi pandemiya dövrü istisna olmaqla, 2012-ci ildən bəri ikinci ən aşağı səviyyəyə enib.
Almaniyanın aparıcı mövqeyi fonunda avrozonanın emal sənayesində satınalma fəallığı son dörd il yarımın ən sürətli artımını göstərib. Bununla yanaşı, tədarük zəncirlərindəki problemlər dərinləşib: materialların çatdırılma müddətləri iyun ayından bəri ən yüksək səviyyədə uzanıb. Şirkətlər alınmış material ehtiyatlarını da ardıcıl ikinci aydır artırırlar.
MONETAR.AZ