UBS analitikləri uzunmüddətli investisiya artımı axtaran investorları süni intellekt (Sİ), enerji infrastrukturu və səhiyyə innovasiyalarına diqqət yetirməyə çağırıb. Bankın 16 noyabr tarixli hesabatında bu sahələr yaxın illərdə səhm bazarının inkişafına təsir göstərəcək əsas investisiya istiqamətləri kimi qiymətləndirilib.
Analitiklərin fikrincə, iri texnologiya şirkətlərinin artan xərcləri və avtonom Sİ agentlərinin yayılması nəticəsində süni intellekt sahəsində kapital xərcləri 2026-cı ildə 1 trilyon dollara, 2027-ci ildə isə 1,4 trilyon dollara çata bilər.
Bununla belə, yüksək qiymətləndirmələr, ABŞ siyasəti ətrafındakı qeyri-müəyyənlik və şirkətlərin maliyyə göstəricilərindəki fərqlər bu sahəyə həddindən artıq böyük investisiya yatırmağın risklərini artırır. UBS yarımkeçirici istehsalçıları, avadanlıq təchizatçıları, texnologiya nəhəngləri və sektorun daha müdafiə xarakterli seqmentləri arasında şaxələndirilmiş investisiyaları tövsiyə edir.
Hesabatda ikinci perspektivli istiqamət kimi enerji infrastrukturu göstərilir. Məlumat mərkəzlərinin genişlənməsi elektrik enerjisinə tələbatı artırdığı üçün energetika və elektrik şəbəkələrinə illik investisiyaların 2030-cu ilədək 3 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu, bərpa olunan və atom energetikası, elektrik şəbəkələrinin modernləşdirilməsi, sənaye avtomatlaşdırılması və kritik mineralların hasilatı sahələrində imkanlar yarada bilər.
“BloombergNEF”in qiymətləndirməsinə görə, 2035-ci ilə qədər məlumat mərkəzləri ABŞ-da ümumi elektrik istehlakının 9%-ni təşkil edə bilər. Hazırda bu göstərici təxminən 4%-dir. Bununla yanaşı, dövlət siyasətində dəyişikliklər və layihələrin icrasında gecikmələr sektorda volatillik yarada bilər.
UBS-in üçüncü investisiya istiqaməti kimi müəyyənləşdirdiyi sahə səhiyyə innovasiyaları və uzunömürlülükdür. Qlobal uzunömürlülük bazarının 2023-cü ildəki 5,3 trilyon dollardan 2030-cu ilədək illik 8 trilyon dollar gəlir səviyyəsinə yüksələcəyi gözlənilir.
Analitiklər piylənmənin müalicəsi üçün preparatlardan əldə olunan gəlirlərin də 2030-cu ilədək ildə təxminən 12% artacağını proqnozlaşdırırlar. Onkoloji, nevroloji və kardiometabolik xəstəliklərin müalicəsi üzrə yeni preparatların klinik sınaq nəticələri də sektora investisiya marağını artıra bilər.
UBS investorların ayrı-ayrı şirkətlərə böyük həcmdə vəsait yatırmaq əvəzinə, bu üç uzunmüddətli artım istiqamətini şaxələndirilmiş səhm portfellərinə daxil etməsini tövsiyə edir.
MONETAR.AZ