Yeni iş yerlərinin böyük hissəsi özəl sektorun payına düşür

Yeni iş yerlərinin böyük hissəsi  özəl sektorun

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin 92,9 faizi özəl sektorun payına düşüb.

Monetar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, yeni iş yerlərinin 77,3 faizi Bakıda, 6,6 faizi Abşeron-Xızı, 2,4 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Şəki-Zaqatala, 2,2 faizi Quba-Xaçmaz, 1,9 faizi Qarabağ iqtisadi rayonunda açılıb. Digər iqtisadi rayonların payı isə 0,5-1,2 faiz arasında dəyişib.

Yaradılan iş yerlərinin 77,6 faizi mövcud müəssisə və təşkilatların, 22,1 faizi yeni yaradılmış müəssisələrin, 0,3 faizi isə fəaliyyətini bərpa edən müəssisə və təşkilatların payına düşüb.

Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin ən böyük hissəsi tikinti sektorunda (23,4%) qeydə alınıb. Ticarət və nəqliyyat vasitələrinin təmiri 16,1%, emal sənayesi 11,8%, peşə, elmi və texniki fəaliyyət 9,1%, inzibati və yardımçı xidmətlər isə 7% təşkil edib.

Eyni zamanda, hesabat dövründə ölkədə 13,8 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 34,6 faizi özəl sektorun payına düşüb. İş yerlərinin 10,2 faizi müəssisə və təşkilatların fəaliyyətini dayandırması, 89,8 faizi isə fəaliyyət göstərən müəssisələrdə aparılan ixtisarlar nəticəsində ləğv edilib.