Mənzil bazarındakı canlanma taxta-şalbanı bahalaşdırıb

Mənzil bazarındakı canlanma

ABŞ-da mənzil bazarında canlanma əlamətləri taxta-şalbanın qiymətini son iki aydan çox müddətin ən yüksək səviyyəsinə qaldırıb. Məhsulun qiyməti hər 1 000 taxta fut üçün 550 dollar həddini keçib.

Monetar.az xəbər verir ki, bahalaşmaya ABŞ-da yeni mənzil satışlarının və fərdi yaşayış evlərinin tikintisinin artması təsir göstərib.

Belə ki, 2026-cı ilin oktyabrında ABŞ-da yeni mənzil satışları əvvəlki ayla müqayisədə 14,2% artıb. Taxta materiallarından daha çox istifadə olunan fərdi yaşayış evlərinin tikintisinə başlanması da 4% yüksəlib. Təmir və yenidənqurma işləri də taxta-şalabana olan tələbi dəstəkləyən amillər sırasındadır.

ABŞ və Kanada arasında ticarət gərginliyi də qiymətlərə əlavə təzyiq göstərib. Kanadanın ticarət naziri Dominik LeBlanın sözlərinə görə, ilin sonunadək əldə oluna biləcək razılaşma taxta-şalban üzrə gömrük rüsumlarının yalnız qismən azaldılmasını nəzərdə tuta bilər. Bu isə iki ölkə arasında ticarət məhdudiyyətlərinin daha geniş şəkildə aradan qaldırılması ilə bağlı gözləntiləri zəiflədib.

Bununla belə, analitiklər hesab edirlər ki, taxta-şalban bazarında davamlı canlanma üçün ipoteka faizlərinin sabitləşməsi və istehlakçı inamının bərpası vacibdir. Hazırda yüksək səviyyədə qalan ipoteka faizləri mənzil bazarının inkişafını məhdudlaşdırır.

Tikinti xərclərinin artması da sektorun vəziyyətinə mənfi təsir göstərir. Bu amillər fonunda tikinti sənayesində əhval-ruhiyyə göstəricisi son 14 ilin ən aşağı səviyyəsinə enib.