Hər il noyabrın 26-da Ümumdünya Dayanıqlı Nəqliyyat Günü qeyd olunur. Bu gün nəqliyyat sektorunun ətraf mühitə təsirinə, karbon emissiyalarının azaldılmasına və ekoloji cəhətdən daha təmiz nəqliyyat sistemlərinin inkişafına diqqət çəkmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, BMT Baş Assambleyası tərəfindən təsis edilən bu gün çərçivəsində nəqliyyatın iqlim dəyişikliyinə təsiri və sektorun daha dayanıqlı inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, qlobal istixana qazı emissiyalarının təxminən 20 faizi nəqliyyat sektorunun payına düşür. Bu göstərici sektorun iqlim dəyişikliyindəki rolunu və emissiyaların azaldılması istiqamətində tədbirlərin əhəmiyyətini ortaya qoyur.
Quruda, dənizdə və havada motorlu nəqliyyatda istifadə olunan enerjinin 91 faizi qazıntı yanacaqlarından əldə edilir. Buna görə də nəqliyyat sektorunun alternativ enerji mənbələrinə keçidi əsas çağırışlardan biri hesab olunur.
Dayanıqlı nəqliyyatın inkişafı üçün elektrik və günəş enerjisi ilə işləyən nəqliyyat vasitələrinə, yaşıl ictimai nəqliyyat sistemlərinə və aşağı karbonlu yanacaq texnologiyalarına investisiyaların artırılması vacib sayılır.
BMT dayanıqlı nəqliyyatı yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi və sosial inkişafın mühüm şərtlərindən biri kimi qiymətləndirir. Bu yanaşma nəqliyyat xidmətlərinin təhlükəsiz, əlçatan, sərfəli və səmərəli olmasını, eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsini nəzərdə tutur.