2026-cı ildə dünya iqtisadiyyatının 3,1% artacağı proqnozlaşdırılır. İqtisadi artım tempinə görə ilk sırada Cənubi Amerikada yerləşən Qayana qərarlaşıb. Ölkənin real ÜDM-nin 22,3% artacağı gözlənilir. Azərbaycan isə 2,2%-lik artım proqnozu ilə dünya üzrə orta göstəricidən geri qalır.
Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı reytinqdə 191 ölkənin iqtisadi artım göstəriciləri müqayisə edilib.
Reytinqdə Qayanadan sonra 10,7%-lik artım proqnozu ilə Tayvan, 10,5%-lə Cənubi Sudan gəlir. İlk beşliyə Efiopiya (9,2%) və Qırğızıstan (9%) da daxil olub.
İlk onluqda Vyetnam (8,4%), Özbəkistan (7,8%), Ruanda (7,4%), Tacikistan (7,3%), Qvineya (7,2%) və Gürcüstan (7,2%) da yer alıb. Hindistan üçün isə 7%-lik iqtisadi artım proqnozlaşdırılır.
BVF-nin 2026-cı ilin oktyabr məlumatlarına əsasən, Azərbaycanda real ÜDM artımının 2,2% olacağı gözlənilir. Bu göstərici dünya iqtisadiyyatı üzrə proqnozlaşdırılan 3,1%-lik artımdan 0,9 faiz bəndi aşağıdır.
Reytinqdə diqqətçəkən digər məqam iqtisadi geriləmə proqnozlarıdır. Fars körfəzi regionundakı enerji ixracatçıları 2026-cı ildə ən kəskin iqtisadi daralma gözlənilən yeddi ölkənin hamısını təşkil edir. Küveytdə real ÜDM-in 16,7% azalacağı proqnozlaşdırılır.
Qayananın sürətli iqtisadi artımının əsas səbəbi dənizdəki yeni neft yataqlarının istismara verilməsi və hasilatın genişləndirilməsidir. Tayvanda isə süni intellekt sənayesinin inkişafı və yarımkeçiricilərə qlobal tələbatın artması iqtisadi yüksəlişi dəstəkləyən əsas amillərdir.
Qeyd edək ki, reytinqdəki göstəricilər yekun nəticələr deyil, BVF-nin 2026-cı ilin oktyabrında açıqladığı proqnozlardır. Real ÜDM artımı ölkədə istehsal olunan mal və xidmətlərin həcminin əvvəlki illə müqayisədə dəyişməsini göstərir.