Gümüş üzrə proqnozlar aşağı salınıb: yeni hədəf səviyyələr açıqlanıb

Gümüş üzrə proqnozlar aşağı salınıb: yeni hədəf

UBS gümüş qiymətləri üzrə müxtəlif dövrlər üçün proqnozlarını aşağı salıb. Bank bunu investisiya tələbinin zəifləməsi, sənaye istehlakının azalması və hasilatın artması ilə izah edib.

Yenilənmiş proqnoza əsasən:

  • İyun ayının sonu üçün qiymət 100 dollardan 85 dollara endirilib
  • Sentyabr üzrə hədəf 95 dollardan 85 dollara düşürülüb
  • Dekabr üçün proqnoz 85 dollardan 80 dollara salınıb
  • 2027-ci ilin martı üçün gözlənti 85 dollardan 75 dollara endirilib

Hazırda spot bazarda gümüşün qiyməti təxminən 73,8 dollar səviyyəsində ticarət olunur.

Proqnozların yenilənməsi bazarda tələb və təklif balansının yenidən qiymətləndirilməsindən sonra baş verib. UBS indi 2026-cı ildə gümüş bazarında defisitin təxminən 60–70 milyon unsiya olacağını gözləyir. Bu, əvvəlki təxmin olan 300 milyon unsiya ilə müqayisədə kəskin azalmadır.

Bankın strateqləri Ueyn QordonDominik Şnayder qeyd ediblər ki, yüksək qiymətlər səbəbindən xüsusilə günəş enerjisi (fotovoltaik) sektorunda tələb zəifləyəcək. Eyni zamanda, bahalaşma gümüş məmulatları və zərgərlik məhsullarına olan tələbi də azaldır. Ümumilikdə bu amillərin tələbi təxminən 50 milyon unsiya azaldacağı gözlənilir.

Təklif tərəfdə isə daha mülayim artım proqnozlaşdırılır – hasilatın təxminən 850 milyon unsiyaya çatacağı gözlənilir.

İnvestisiya tələbinə gəldikdə, UBS bildirib ki, ETF fondlarında saxlanılan aktivlər təxminən 70 milyon unsiya azalaraq 794 milyon unsiyaya düşüb. Spekulyativ fyuçers mövqeləri də 100 milyon unsiyadan bir qədər yuxarı səviyyəyə enib. Nəticədə bank illik investisiya tələbi proqnozunu 400 milyon unsiyadan 300 milyon unsiyaya endirib.

UBS-in baza ssenarisinə görə, gümüş qiymətləri yaxın dövrdə əsasən sabit (yanal) hərəkət edəcək.

Bununla belə, bank daha kəskin azalma proqnozundan çəkinir və qızıl qiymətlərinin artımının gümüş üçün dəstəkləyici amil olacağını bildirir. Son dövrlərdə qızıl və gümüş arasında korrelyasiyanın gücləndiyi vurğulanır. UBS hesab edir ki, zamanla qızıl-gümüş nisbəti 75–80 səviyyəsinə yaxınlaşacaq.

Strategiya baxımından bank birbaşa uzun mövqelərdən daha çox volatilliyin satışına üstünlük verir. UBS yaxın üç ayda gəlir əldə etmək üçün aşağı risklərin satışını cəlbedici hesab edir.

MONETAR.AZ