2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 10 ən iri dövlət şirkətinin qeyri-neft ixracının ümumi dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 milyon dollar və ya 26,2% azdır.
Məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nə istinadən açıqlanıb. Halbuki, eyni dövrdə ölkənin ümumi qeyri-neft ixracı 11,7% artaraq 862 milyon dollara çatıb. Bu isə dövlət şirkətlərinin ixracdakı payının azaldığını göstərir.
Dövlət şirkətləri arasında ixrac həcminə görə liderliyi SOCAR Polymer qoruyub saxlayıb. Şirkət hesabat dövründə 57 milyon dollarlıq ixrac həyata keçirib ki, bu da illik müqayisədə 3,4% azalma deməkdir.
Siyahıda ikinci yerdə AzerGold qərarlaşıb. Şirkətin ixracı 23,6% artaraq 51,8 milyon dollara yüksəlib. Üçüncü pillədə isə Azəralüminium yer alıb – 42,9 milyon dollar və 8,3% artım.
Bununla belə, bəzi iri dövlət qurumlarında kəskin azalma qeydə alınıb. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı 66,4% azalaraq 35,3 milyon dollara düşüb. Daha ciddi geriləmə isə SOCAR-ın Qaz İxrac İdarəsində müşahidə olunub – 87,8% azalma ilə 2,8 milyon dollar.
Digər tərəfdən, Azərpambıq ASK (23,2% artım), Azərbaycan Hava Yolları (18,4% artım) və AzərEnerji (2 dəfə artım) kimi şirkətlərdə müsbət dinamika qeydə alınıb.
Ümumilikdə, statistik göstəricilər fonunda belə nəticəyə gəlmək olar ki, qeyri-neft ixracı artsa da, bu artım əsasən özəl sektorun hesabına formalaşır. Dövlət şirkətlərində isə ixracın azalması struktur dəyişiklikləri və bazar şərtləri ilə əlaqələndirilir.
MONETAR.AZ