Ticarətin asanlaşdırılması mərkəzləri yaradılır: gömrükdə növbələr azalacaq

Ticarətin asanlaşdırılması mərkəzləri yaradılır:

Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində yeni addım atılır. Milli Məclis-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Məlumata görə, bu təşəbbüs Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin genişləndirilməsi ilə yanaşı, gömrük əməliyyatlarının daha çevik və operativ həyata keçirilməsinə şərait yaradacaq.

Təklif edilən dəyişikliklərə əsasən, gömrük nəzarəti zamanı bir sıra sadələşdirilmiş prosedurlar tətbiq olunacaq. Belə ki, mallar və nəqliyyat vasitələri üzərində nəzarət bəzi hallarda növbədənkənar həyata keçiriləcək, eyniləşdirmə vasitələrinin tanınması və götürülməsi prosedurları asanlaşdırılacaq. Həmçinin, müəyyən hallarda malların boşaldılması və yüklənməsi gömrük əməkdaşının iştirakı olmadan mümkün olacaq.

Yeniliklərə əsasən, idxal olunan malların birbaşa sahibin anbarına aparılması, ixrac zamanı isə malların elektron bəyannamə ilə birbaşa sərhəd buraxılış məntəqəsinə yönləndirilməsi mümkün olacaq. Bu isə logistika zəncirində vaxt itkilərini minimuma endirəcək.

Gömrük rəsmiləşdirilməsi prosesində də sadələşdirmələr nəzərdə tutulur. Malların buraxılışı bəzi hallarda dərhal və növbədənkənar təmin ediləcək, qısa idxal bəyannaməsi əsasında rəsmiləşdirməyə icazə veriləcək. Eyni zamanda, bir çox əməliyyatların məhz Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi planlaşdırılır.

Bu mərkəzlər vahid platforma kimi fəaliyyət göstərəcək və burada gömrük rəsmiləşdirilməsi, logistika və digər dövlət xidmətləri koordinasiyalı şəkildə təqdim olunacaq. Nəticədə, sahibkarlar üçün prosedurların sayı və müddəti əhəmiyyətli dərəcədə azalacaq.

Bundan əlavə, bəzi xüsusi kateqoriyalara aid mallar – o cümlədən tez xarab olan məhsullar, canlı heyvanlar, radioaktiv maddələr, eləcə də fövqəladə hallar zamanı zəruri yüklər üçün daha sadələşdirilmiş və güzəştli gömrük prosedurları tətbiq ediləcək.

Gözlənilir ki, bu dəyişikliklər gömrükdə növbələrin azalmasına, ticarət dövriyyəsinin sürətlənməsinə və ümumilikdə biznes mühitinin daha da yaxşılaşmasına səbəb olacaq.

MONETAR.AZ