Mercedes-Benz Group-un maliyyə xidmətləri bölməsi Böyük Britaniyanın Financial Conduct Authority (FCA) tərəfindən təklif olunan 7,5 milyard funt sterlinqlik kompensasiya sxeminə qarşı apellyasiya şikayəti verib. Söhbət avtomobil kreditləri üzrə artıq ödəniş etmiş müştərilərə kompensasiyaların ödənilməsindən gedir.
Alman avtomobil istehsalçısı bu məsələ ilə bağlı müştərilərə ödənişlər üçün artıq 422 milyon avro (494 milyon dollar) ehtiyat ayırıb və bugün Londonda yerləşən Yuxarı Tribunalda iddia qaldırıb.
FCA-nın planına əsasən, istehlakçılara ümumilikdə 7,5 milyard funt kompensasiya ödənilməlidir, proqramın həyata keçirilməsi üçün isə şirkətlər əlavə olaraq 1,6 milyard funt xərcləməli olacaqlar. Bu məbləğ analitiklərin ən pis ssenarilər üzrə proqnozlarından aşağı olsa da, plan ətrafında artıq məhkəmə çəkişmələri başlayıb.
Şirkət nümayəndəsi bildirib: “Məsələ hazırda məhkəmə icraatında olduğuna görə əlavə şərh verə bilmirik”.
Eyni zamanda, Volkswagen AG-nin də bu plana qarşı apellyasiya şikayəti verdiyi bildirilir. Şirkət nümayəndələri isə məsələ ilə bağlı sorğulara cavab verməyib.