Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt Bulvarı ərazisi üçün qazon və güllərin satınalınması” ilə bağlı açıq tender elan edib. Müsabiqənin ehtimal olunan qiyməti 329 min 220 manat təşkil edir. Tender 29 aprel 2026-cı il tarixində elan olunub və təkliflərin qəbulu 21 may 2026-cı il saat 15:00-dək davam edəcək. Zərflərin açılışı da həmin tarixdə həyata keçiriləcək.
Layihə çərçivəsində bulvar ərazisinin yaşıllaşdırılması və dekorativ görünüşünün yaxşılaşdırılması məqsədilə müxtəlif növ güllərin və bitkilərin alınması nəzərdə tutulur. Satınalma siyahısına on minlərlə ədəd dekorativ bitki daxildir.
Ən böyük həcmli sifarişlərdən biri 35 min ədəd geran gülü, həmçinin 15 min ədəd qızılgül, 15 min ədəd sarı və 15 min ədəd narıncı tagetes, eləcə də 15 min ədəd “İvan mariya” bitkisidir. Bundan əlavə, papatya, viola, begoniya, primula, xrizantema, dahlia, qazaniya və zinniya kimi müxtəlif növ mövsümi və dekorativ güllərin alınması planlaşdırılır.
Ümumilikdə, satınalma çərçivəsində 150 minə yaxın bitkinin alınması nəzərdə tutulur ki, bu da Sumqayıt Bulvarının landşaft dizaynının yenilənməsinə və şəhərin estetik görünüşünün yaxşılaşdırılmasına xidmət edəcək.
MONETAR.AZ