Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankıməlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artaraq nağdsız ödənişlərdə yüksək dinamikanın davam etdiyini göstərir. Ümumi məbləğin əsas hissəsini elektron ticarət əməliyyatları təşkil edir. Belə ki, 9,56 milyard manatın 8 milyard 291 milyon manatı məhz e-ticarətin payına düşür. Bu isə istehlakçı davranışında onlayn alış-verişin getdikcə daha dominant mövqe tutduğunu göstərir.
Qalan hissədə isə 1 milyard 267 milyon manat POS-terminallar vasitəsilə, cəmi 2 milyon manat isə özünəxidmət terminalları və bankomatlar üzərindən həyata keçirilib. Bu bölgü ənənəvi ödəniş kanallarının payının nisbətən azalmaqda olduğunu, rəqəmsal ödənişlərin isə sürətlə genişləndiyini nümayiş etdirir.
Ümumilikdə, ilin əvvəlindən etibarən ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib. Bu göstərici ölkədə nağdsız iqtisadiyyatın genişlənməsi istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilir.
Eyni zamanda, ödəniş infrastrukturu da genişlənməkdə davam edir. Banklar və Azərpoçt MMC tərəfindən təqdim olunan xidmət şəbəkələrində artım müşahidə olunur. Belə ki, ötən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6,3 faiz, POS-terminalların sayı isə 46 faiz artıb.
Rəqəmsal ödənişlərin bu tempdə artması həm kölgə iqtisadiyyatının azalmasına, həm də maliyyə şəffaflığının yüksəlməsinə müsbət təsir göstərir.
MONETAR.AZ