Avropanın ən böyük hava limanları zərər barədə xəbərdarlıq edib

Avropanın ən böyük hava limanları zərər barədə

Bloomberg yazır ki, Yaxın Şərqdə hərbi eskalasiya və əsas hava dəhlizlərinin bağlanması Avropanın böyük aeroportlarında uçuş cədvəllərində ciddi pozuntular yaradıb və bu, artıq maliyyə göstəricilərinə mənfi təsir göstərməyə başlayıb.

Paris hava limanlarını, Şarl de Qoll və Orli daxil olmaqla idarə edən Aéroports de Paris (ADP) 2026-cı ilin birinci rübündə gəlir azaldığını açıqlayaraq investorları məyus edib. Səbəb kimi Yaxın Şərq müharibəsi fonunda əsas marşrutlarda sərnişin axınının kəskin azalması göstərilib. Bundan əlavə, qeyri-aviasiya gəlirləri də düşüb. Sərnişinlər uçuş gecikmələri və qeyri-müəyyənlik səbəbindən terminal mağazaları və restoranlarda daha az xərcləyirlər.

Bu xəbərdən sonra Paris birjasında ADP səhmləri bir anda 4,7% ucuzlaşıb.

Şirkət bildirib ki, aviasiya yanacağının bahalaşması və hava hərəkətinin pozulmasının uzunmüddətli təsirləri hələ qeyri-müəyyəndir, lakin hazırda illik proqnoz saxlanılır və pozuntuların müvəqqəti olacağı ehtimal edilir.

Məlumata görə, Paris hava limanları ilə Yaxın Şərq ölkələri arasında sərnişin axını 2025-ci ildə 5,7 milyon nəfər olub və bu, ümumi trafikin təxminən 5%-ni təşkil edib. Vəziyyət daha da ağırdır, çünki ADP İordaniyanın Əmman beynəlxalq hava limanını da idarə edir və burada Yaxın Şərq istiqamətləri sərnişinlərin 75%-ni təşkil edir.

Problem bütün Avropa üzrə yayılıb. Londondakı Heathrow Airport rəhbərliyi də Yaxın Şərqdəki qeyri-müəyyənlik səbəbindən sərnişin axınının azala biləcəyi barədə xəbərdarlıq edib.

İspaniyanın Aena şirkəti isə bildirib ki, birinci rübdə Yaxın Şərq ölkələri ilə sərnişin axını 13,4% azalıb.

Almaniyanın Frankfurt hava limanını idarə edən Fraport şirkətinin 5 mayda açıqlanacaq hesabatı isə investorlar tərəfindən diqqətlə gözlənilir. Ekspertlər hesab edir ki, Avropa-Asiya marşrutlarında uçuşların alternativ hava dəhlizlərinə yönləndirilməsi Frankfurt kimi əsas tranzit mərkəzlərinə ciddi təsir göstərə bilər.

MONETAR.AZ