Tesla sükan və pedalları olmayan, tam avtonom iki yerlik elektromobilinin — Tesla Cybercab seriyalı istehsalına başlayıb. Avtomobillər artıq zavoddan dayanacağa qədər özləri hərəkət edə bilir.
TechOperator adlı istifadəçi ilk seriya nümunəsi olan VIN Zero identifikatorlu Cybercab haqqında məlumat yayıb və avtomobilin şəkillərini paylaşıb. Bildirilir ki, bu model Giga Texas zavodunda yığılıb və layihənin prototip mərhələsindən seriyalı istehsala keçdiyini təsdiqləyir.
Cybercab tam avtonom robotaksi kimi nəzərdə tutulub və onun konveyerdən çıxması Teslanın bu texnologiyanı kommersiya istifadəsinə yaxınlaşdırdığını göstərir. Şirkət bu modeli sərnişin daşımalarının dəyərini azaltmaq üçün hazırlayıb.
Avtomobil yalnız kameralar və süni intellekt əsasında idarə olunur. Ənənəvi şarj portu yoxdur. Bunun əvəzinə simsiz induksiya ilə enerji doldurma texnologiyasından istifadə edilir ki, bu da istismarı maksimum avtomatlaşdırır.
Giga Texas zavodunda kütləvi istehsalın əsas məqsədi xərcləri ciddi şəkildə azaltmaqdır. Qiymətinin 30 min dollardan aşağı olacağı gözlənilən Cybercab üçün Tesla mobil tətbiq üzərindən fəaliyyət göstərəcək qlobal robotaksi şəbəkəsi yaratmağı planlaşdırır.
Modelin satışına 2026-cı ildə başlanacağı gözlənilir.

MONETAR.AZ