Azərbaycan və Çin 2026-cı il üçün ikitərəfli və tranzit daşımalar üzrə əlavə 5 min icazə blankının, həmçinin üçüncü ölkələrə və ya üçüncü ölkələrdən daşımalar üçün 2,5 min blankın mübadiləsi barədə razılığa gəliblər.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu qərar iki ölkə arasında beynəlxalq yükdaşımalarda ilk dəfə belə geniş miqyasda qəbul edilib.
Razılaşma AYNA ilə Çin Nəqliyyat Nazirliyinin avtomobil nəqliyyatı departamenti arasında Urumçi şəhərində keçirilən görüş zamanı əldə olunub. Görüşdə həmçinin azərbaycanlı daşıyıcılar və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası nümayəndəsi iştirak edib.
Məlumata görə, cari il üçün razılaşdırılmış icazə blanklarının kvotası 5 dəfə artırılıb. Eyni zamanda, bu və gələn il üçün daşıyıcıların tələbatının tam ödənilməsi barədə razılıq əldə olunub.
Tərəflər icazə blanklarının elektron mübadiləsi və verilməsi ilə bağlı da mühüm razılığa gəliblər. Layihənin həyata keçirilməsi üçün birgə texniki işçi qrupunun yaradılması və işlərə 1 may tarixindən başlanması planlaşdırılır.
Bundan əlavə, beynəlxalq yükdaşımalar zamanı yaranan məsələlərin operativ həlli üçün iki ölkənin aidiyyəti qurumları arasında çevik əlaqə mexanizmi də razılaşdırılıb.
Səfər çərçivəsində, aprelin 25-də Azərbaycan nümayəndə heyəti Xorqos gömrük-keçid məntəqəsində olub, eyni adlı azad iqtisadi zonadakı logistika mərkəzlərinin fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, hazırda məntəqədə 4 giriş və 4 çıxış zolağı fəaliyyət göstərir və ümumilikdə 8 zolaq gündə 1200 yük avtomobilinin keçidini təmin edir. Artan yük axını nəzərə alınaraq, yaxın iki ildə bu zolaqların sayının 20-yə çatdırılması planlaşdırılır.
Tərəflər logistika mərkəzləri ilə milli daşıyıcılar arasında əməkdaşlıq imkanlarını da müzakirə edərək, bu istiqamətdə əlaqələrin qurulmasına başlamaq barədə razılığa gəliblər.