Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən “Sahibkarlığın inkişafı — güclü iqtisadiyyat” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədəki 79 şəhərdən 68-nin baş planı artıq hazırlanaraq təsdiqlənib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir.
Quliyev qeyd edib ki, yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırıla bilən hala gətirir, hüquqi aydınlıq yaradır və sahibkarlıq fəaliyyəti üçün investisiya cəlbediciliyini artırır.
Dövlət rəsmisi əlavə edib ki, son 20 ildə Azərbaycanda şəhərsalma və tikinti sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib.
Onun sözlərinə görə, bu dövrdə normativ-hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikintiyə icazələrin verilməsi və obyektlərin istismara qəbul prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında fəaliyyət göstərən təxminən min subyekt mövcuddur.