Son günlər bəzi vətəndaşlar ABB Bank kartlarından səbəbsiz olaraq 60 qəpik məbləğində vəsaitin silindiyini bildirirlər. İddialara görə, bu tutulmalar ictimai nəqliyyatdan istifadə etməyən şəxslərdə də müşahidə olunur.
Məsələ ilə bağlı narazı vətəndaşlar Monetar.az-a müraciətlər ünvanlayıblar. Xeyli istifadəçi eyni problemlə üzləşdiyini qeyd edib.
Yaranmış vəziyyətlə bağlı ABB Bankla əlaqə saxlanılıb. Bankdan verilən məlumata görə, kartlardan silinən məbləğlər yeni əməliyyatlar deyil, əvvəlki dövrlərə aid gecikmiş ödənişlərdir.
“Bu hallar ictimai nəqliyyatda ödənişlərin emalı zamanı yaranan texniki gecikmələrlə bağlıdır. Bəzi hallarda ödənişlər dərhal silinmir və sonradan hesabdan çıxılır”, – deyə bankdan bildirilib.
Qeyd olunub ki, bu gecikmələr BakuBus ilə ödəniş sistemləri arasında inteqrasiya proseslərində yaranır və beynəlxalq təcrübədə də rast gəlinən hal hesab olunur. Belə tutulmalar normal sayılır və vətəndaşların narahatlığına əsas yoxdur. Bununla belə, məsələ ilə bağlı gün ərzində xeyli sayda vətəndaş banka müraciət edərək narahatlığını ifadə edib.
MONETAR.AZ