Windows 11 istifadəçiləri kompüterlərin məcburi yenilənməyə başlamasından sonra sonsuz yenidən yüklənmə problemi ilə üzləşiblər. Bu barədə Notebookcheck nəşri məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, Microsoft 13 oktyabr 2026-cı il tarixinə planlaşdırılan 24H2 versiyasının dəstəyinin başa çatması ərəfəsində istifadəçilərin kompüterlərini məcburi şəkildə 25H2 versiyasına yeniləməyə başlayıb. Lakin KB5083769 adlı servis yeniləməsi bəzi istifadəçilərdə xəta yaradıb.
Fərdi kompüter sahibləri, əsasən HP və Dell modellərinin istifadəçiləri bildiriblər ki, yeniləmə quraşdırıldıqdan sonra cihazları işləməz hala düşüb. Bir sıra qurğularda “sonsuz restart” adlandırılan problem müşahidə olunub.
Xətanı aradan qaldırma yollarından biri kimi yeniləməni silmək və əməliyyat sistemini əvvəlki vəziyyətə qaytarmaq göstərilir. Lakin bu halda vacib məlumatların itirilməsi riski mövcuddur.
Məlumata görə, bir çox istifadəçi problemli KB5083769 yeniləməsini quraşdırmaq istəmir, çünki o, yeni funksiyalar təqdim etmir. Buna görə də Microsoft yeniləməni məcburi şəkildə yaymağa başlayıb. Şirkət hələlik rəsmi reaksiya verməsə də, yaxın zamanda problemi aradan qaldıran yeniləmə təqdim etməlidir.
Aprelin sonunda isə Microsoft “Pəncərə meneceri” olan “Explorer”də (fayl menecerində) sürüşdürmə zamanı məzmunun qeyri-səlis göstərilməsi problemini də etiraf edib. Şirkət bunu əməliyyat sisteminin mərhələli şəkildə yenilənməsi ilə izah edib.