Azərbaycanda gömrük bəyannamələrinin ləğvi (annulyasiyası) imkanının yaradılması təklif olunur.
Müvafiq müddəa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Gömrük Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarının elektron informasiya sistemində yer alan gömrük bəyannaməsi müəyyən şərtlər bir ay ərzində yerinə yetirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək. Bu şərtlərə malların gömrük ərazisinə gətirilməməsi və ya ərazidən çıxarılmaması, düzəliş üçün geri qaytarıldıqdan sonra yenilənmiş bəyannamənin təqdim olunmaması, eləcə də bəyannamənin deklarant tərəfindən elektron qaydada təsdiqlənməməsi daxildir.
Bununla yanaşı, qısa idxal və ixrac bəyannamələrinin də ləğvi mexanizminin tətbiqi təklif olunur.
Belə ki, qısa idxal bəyannaməsi deklarantın müraciəti əsasında və ya bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə daxil olmadıqda ləğv edilə bilər.
Qısa ixrac bəyannaməsi isə deklarantın müraciəti ilə və ya mallar 150 gün ərzində gömrük ərazisindən çıxarılmadıqda annulyasiya oluna bilər.
Həmçinin nəzərdə tutulur ki, beynəlxalq sazişlər əsasında həyata keçirilən daşımalar zamanı mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən elektron sistemlər vasitəsilə təqdim olunan məlumatlar, təqdim edilən məlumatların dolğunluğundan asılı olaraq, qısa idxal bəyannaməsi kimi qəbul edilə bilər.