Banklar biznes kreditlərini aha çox ticarətçilərə verir

Banklar biznes kreditlərini

2026-cı ilin 31 mart tarixinə Azərbaycan bank sektorunda biznes kredit portfelinin həcmi 16,2 milyard manata çatıb.   Məlumatlar göstərir ki, kreditlərin sahələr üzrə bölgüsündə ticarət sektoru açıq şəkildə üstünlük təşkil edir.

Mərkəzi Bankın məlumatına görə biznes kreditlərinin ən böyük hissəsi - 4,2 milyard manat ticarət müəssisələrinin payına düşür. Bu, ümumi portfelin təxminən dörddə birindən çoxunu təşkil edir və bankların əsasən dövriyyəsi yüksək olan sahələri maliyyələşdirməyə üstünlük verdiyini göstərir.

Sənaye sektoru 2,75 milyard manatla ikinci yerdə qərarlaşıb. Kənd təsərrüfatına yönəldilən kreditlər isə 2,06 milyard manat təşkil edib. Nəqliyyat sektoruna ayrılan kreditlərin həcmi 1,97 milyard manat, tikinti sektoruna isə 1,76 milyard manat olub.

Bununla yanaşı, digər qeyri-istehsal və xidmət sahələrinə 2,67 milyard manat kredit yönəldilib. İnformasiya və rabitə sektoru isə nisbətən daha az maliyyələşdirilən sahələr sırasındadır – bu istiqamətdə kreditlərin həcmi 777,8 milyon manat təşkil edib.

Ekspertlər qeyd edir ki, kredit portfelində ticarət sektorunun yüksək payı bankların daha tez dövriyyə və aşağı riskli hesab etdikləri sahələrə üstünlük verdiyini göstərir. Bununla belə, sənaye və texnologiya kimi uzunmüddətli inkişaf üçün strateji əhəmiyyət daşıyan sahələrin nisbətən aşağı payı iqtisadiyyatın struktur baxımından balansı ilə bağlı suallar yaradır. Ümumilikdə, mövcud bölgü bank sektorunun real iqtisadiyyatın daha çox ticarət yönümlü seqmentlərini maliyyələşdirdiyini və istehsal sahələrinin maliyyəyə çıxış imkanlarının hələ də məhdud olduğunu göstərir.

MONETAR.AZ