Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 may tarixindən etibarən rəqəmsal xidmətlər təqdim edən “e-Sosial” mobil tətbiqinin fəaliyyətini dayandırır.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, dövlət rəqəmsal xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçirilməsi çərçivəsində nazirliyin “e-Sosial” tətbiqi vasitəsilə təqdim etdiyi xidmətlər mygov platformasına inteqrasiya olunur.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz elektron xidmətlərini tam şəkildə “mygov” platformasına inteqrasiya edən ilk dövlət qurumu olub.
Eyni zamanda, xidmətlərin təkrarlanmasının qarşısını almaq və onların vahid platforma üzərindən mərkəzləşdirilmiş şəkildə təqdim edilməsini təmin etmək məqsədilə “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılır.
Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşmanı ən fəal tətbiq edən qurumlardan biri olan nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsal formata keçirib.