İspaniyada işsizlik pandemiyadan bəri kəskin artıb

İspaniyada işsizlik pandemiyadan bəri

İspaniyada işsizlik səviyyəsi pandemiyadan sonra ən böyük rüblük artımı qeydə alıb. Bu barədə Bloomberg məlumat verib.

Rəsmi statistika qurumunun məlumatına görə, yanvar–mart aylarında işsizlik səviyyəsi 10,83% təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 0,9 faiz bəndi çoxdur. Bundan əvvəl oxşar sürətli artım yalnız 2020-ci ildə, COVID-19 pandemiyası zamanı müşahidə olunmuşdu.

Bu göstəricilər Avrozonun dördüncü ən böyük iqtisadiyyatının son illərdə nümayiş etdirdiyi dayanıqlı artımla ziddiyyət təşkil edir. İspaniya iqtisadiyyatı əsasən immiqrasiyaya yönəlmiş siyasət sayəsində digər ölkələri üstələyirdi.

Hökumət isə vəziyyəti yumşaltmağa çalışaraq bildirib ki, bu, 2008-ci ildən bəri birinci rüb üçün ən aşağı işsizlik göstəricisidir. Qeyd olunub ki, ilin ilk ayları turizm mövsümünün zəif olduğu dövrə təsadüf etdiyindən əmək bazarı üçün ənənəvi olaraq daha çətin hesab olunur.

Bununla belə, məşğul əhalinin sayında rüblük azalma da 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

 

MONETAR.AZ