2026-cı ilin mart ayının sonuna Azərbaycanda bank müştərilərinin sayı 16,4 milyona çatıb. Mərkəzi Bankım məlumatlar göstərir ki, müştərilərin böyük əksəriyyəti fiziki şəxslərdir və bank xidmətlərinə çıxış getdikcə daha geniş yayılır.
Statistikaya əsasən, ümumi müştərilərin 16,2 milyonu fiziki şəxslər, 168 mini isə hüquqi şəxslərdir. Fiziki şəxslər arasında 1 milyondan çox insan sahibkarlıq fəaliyyəti ilə məşğuldur ki, bu da bank sektorunun real iqtisadiyyatla əlaqəsinin gücləndiyini göstərir.
Eyni dövrdə müştəri hesablarının ümumi sayı 56,7 milyona yüksəlib. Bu hesabların əsas hissəsini cari hesablar təşkil edir – onların sayı 44,4 milyon ədəddən çoxdur. Bundan əlavə, 11,5 milyon kredit hesabı və 748 min depozit hesabı qeydə alınıb.
Cari hesablar üzrə struktur da diqqət çəkir. Bu hesabların 44 milyondan çoxu fiziki şəxslərin payına düşür. Hüquqi şəxslərin cari hesabları isə nisbətən kiçik hissəni təşkil edir.
Elektron bankçılıq xidmətlərində də əhəmiyyətli artım müşahidə olunur. Mart ayı ərzində internet bankçılıq vasitəsilə 2,6 milyon əməliyyat aparılıb və bu əməliyyatların həcmi 24,1 milyard manat təşkil edib. Mobil bankçılıq isə daha geniş istifadə olunur – 92,4 milyon əməliyyat qeydə alınıb və ümumi dövriyyə 7 milyard manatı keçib.
Ekspertlər hesab edir ki, mobil bankçılığın internet bankçılığı üstələməsi istifadəçi davranışındakı dəyişikliklərlə bağlıdır. Smartfonların yayılması və tətbiqlərin sadələşdirilməsi müştəriləri mobil kanallara yönəldir.