Almaniya 2028-ci ildən şəkərli içkilərə vergi tətbiq edəcək

Almaniya 2028-ci ildən şəkərli içkilərə

Almaniya hökuməti səhiyyə islahatları paketi çərçivəsində 2028-ci ildən şəkərli içkilərə vergi tətbiq etməyi planlaşdırır. Bu addım piylənmə səviyyəsinin artmasına qarşı mübarizə və səhiyyə sisteminə düşən yükün azaldılması məqsədi daşıyır.

Gözlənilir ki, yeni vergi illik təxminən 450 milyon avro (527 milyon dollar) gəlir gətirəcək. Bu vəsait xəstəliklərin profilaktikası və sağlamlığın gücləndirilməsi proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Verginin dəqiq dərəcəsi və digər detalları isə hələ müzakirə mərhələsindədir.

Almaniyanın şəkər sənayesini təmsil edən lobbi təşkilatı planı tənqid edərək bildirib ki, şəkərin bahalaşması indiyədək heç bir ölkədə artıq çəkili insanların sayının azalmasına səbəb olmayıb.

Bu təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı tövsiyələri ilə uyğun gəlir. Təşkilat ölkələrə növbəti on il ərzində vergi mexanizmləri vasitəsilə şəkərli içkilərin, alkoqol və tütün məhsullarının qiymətlərini 50% artırmağı tövsiyə edir.

MONETAR.AZ