2025-ci il üzrə qlobal zərgərlik bazarının həcmi təxminən 388,9 milyard dollar təşkil edib. Bu barədə “Statista Market Insights” məlumat yayıb.
Məlumata əsasən, dünyanın ən böyük zərgərlik bazarları Çin, Hindistan və ABŞ-dır. Çin 119,9 milyard dollar gəlirlə birinci yerdə qərarlaşıb. Hindistan 93 milyard dollarla ikinci, ABŞ isə 78,9 milyard dollarla üçüncü olub.
Eyni zamanda, real qızıl zərgərlik məhsullarına tələb üzrə də bu 3 ölkə ön sıralarda yer alır. “World Gold Council”ın hesabatına görə, ötən il Hindistanda qızıl tələbi 430,5 ton, Çində 360,1 ton, ABŞ-da isə 117,3 ton təşkil edib. Bununla belə, hər üç ölkədə 2024-cü illə müqayisədə azalma qeydə alınıb. Bu azalma əsasən qızılın qiymətindəki artım ilə izah olunur.
Adambaşına düşən xərclərə görə isə ABŞ lider mövqedədir. ABŞ-da hər nəfər üzrə orta zərgərlik xərci 299,51 dollar olub. Çin və Hindistanda bu göstəricilər müvafiq olaraq 83,7 və 63,96 dollar təşkil edib. Böyük Britaniyada isə bu rəqəm 76,98 dollar səviyyəsində qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, qızıl qiymətlərindəki artım qlobal zərgərlik bazarında tələbi müəyyən qədər zəiflətməyə davam edir, lakin bazar hələ də yüksək dəyərli seqment olaraq qalır.
MONETAR.AZ