İranda xam neftin saxlanması üçün rezervuarlar sürətlə dolur. Analitik şirkət Kplerin məlumatına görə, bu vəziyyət ölkədə neft hasilatının daha da azalması riskini artırır. Bu barədə Bloomberg məlumat yayıb.
Ekspertlərin qiymətləndirməsinə əsasən, ölkədə mövcud boş saxlama tutumları cəmi 12–22 gün üçün kifayət edə bilər. Bu isə o deməkdir ki, may ayının ortalarına qədər İran gündəlik neft hasilatını əlavə olaraq 1,5 milyon barrel azaltmağa məcbur qala bilər.
Daha əvvəl Goldman Sachs bildirmişdi ki, İran artıq hasilatı gündə 2,5 milyon barrel azaldıb. Regiondakı digər iri istehsalçılar olan Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ də fevralın 28-də başlayan münaqişədən sonra hasilatı azaltmaq məcburiyyətində qalıblar.
Hörmüz boğazının blokadası fonunda İranın neft ixracı son dövrdə gündə təxminən 567 min barrelə düşüb. Müqayisə üçün, mart ayında bu göstərici orta hesabla 1,85 milyon barrel təşkil edirdi.
İran neftinin əsas alıcısı olan Çinə daşınması adətən təxminən iki ay çəkir və yüklər çox vaxt sanksiyalardan yan keçmək üçün qeyri-şəffaf sxemlərlə həyata keçirilir. Bundan sonra ödənişlərin tamamlanması üçün alıcılara əlavə iki ay vaxt lazım olur.
Kpler-in məlumatına görə, ABŞ-ın Hörmüz boğazı ətrafında tətbiq etdiyi hərbi blokadanı uğurla yaran heç bir tanker qeydə alınmayıb. Tədqiqatçılar bildirirlər ki, blokada başlayandan bəri İran neftinin tankerlərə yüklənməsi təxminən 70% azalıb.
MONETAR.AZ