BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?

BƏƏ-nin OPEC-dən çıxması

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daxilində mühüm dəyişiklik baş verib. Birləşmiş Ərəb Əmirlikləri təşkilatdan çıxmaq qərarını açıqlayıb ki, bu da qlobal enerji bazarlarında ciddi təsir yaradan hadisə kimi qiymətləndirilir.

Məlumata görə, BƏƏ-nin bu addımı kartelin fəaliyyətinə və xüsusilə təşkilatın əsas aparıcı qüvvəsi sayılan Səudiyyə Ərəbistanı üçün ciddi zərbə hesab olunur. Ekspertlər bildirirlər ki, iri neft istehsalçılarından birinin ayrılması təşkilatın bazara nəzarət imkanlarını zəiflədə bilər.

Qeyd olunur ki, BƏƏ-nin qərarı ölkənin uzunmüddətli enerji strategiyası və milli maraqları ilə bağlıdır. Bu addım həm də ölkəyə OPEC kvotalarından kənar daha sərbəst hasilat aparmaq imkanı verə bilər.

Hadisə Yaxın Şərqdə davam edən gərginlik fonunda baş verir. Xüsusilə İranla bağlı münaqişə və Hörmüz boğazı ətrafında yaranmış böhran qlobal enerji təchizatına ciddi təsir göstərir. Bu amillər isə OPEC daxilində fikir ayrılıqlarını daha da gücləndirib.

Analitiklər hesab edirlər ki, BƏƏ-nin təşkilatdan çıxması uzunmüddətli perspektivdə OPEC-in təsir gücünü azalda və qlobal neft bazarında balansın dəyişməsinə səbəb ola bilər. Bununla yanaşı, bu qərarın Səudiyyə Ərəbistanının bazardakı lider mövqeyinə də təsir edəcəyi istisna olunmur.

MONETAR.AZ