Hindistan dizel və aviasiya yanacağı üzrə ixrac rüsumlarını azaldır

Hindistan dizel və aviasiya yanacağı üzrə

Hindistan hökuməti dizel yanacağı və aviasiya kerosini üzrə ixrac rüsumlarını azaldıb. Eyni zamanda daxili istehlak üçün benzin və dizelə tətbiq olunan rüsumları dəyişməz saxlayıb.

Rəsmi məlumata əsasən, dizel üzrə ixrac rüsumu litr üçün 55,5 rupidən 23 rupiyə (təxminən 0,24 dollar) endirilib. Aviasiya kerosini üzrə ixrac rüsumu isə 42 rupiydən 33 rupiyə salınıb.

Benzin və dizelin daxili istehlakı üçün rüsum dərəcələri dəyişməyib, benzin üzrə ixrac rüsumu isə sıfır səviyyəsində saxlanılıb.

Dünyada neftin ən böyük idxalçılarından və istehlakçılarından biri olan Hindistan Hörmüz boğazının bağlanması fonunda neft qiymətlərinin artması səbəbilə təzyiqlərlə üzləşib. ABŞ-İsrail və İran arasında münaqişə nəticəsində ölkənin idxal etdiyi xam neftin qiyməti ayın əvvəlində barrel üçün 120 dollara qədər yüksəlib ki, bu da yanacaq satıcılarının mənfəət marjasını azaldıb.

Hindistan neft emalı şirkətləri istehlakçıları qlobal bazardakı dalğalanmalardan qorumaq üçün son dörd il ərzində benzin və dizelin pərakəndə qiymətlərini sabit saxlayıb.

Bundan əlavə, aviabiletlərin bahalaşmasının qarşısını almaq məqsədilə hökumət aprel ayında daxili aviaşirkətlər üçün aviasiya yanacağının qiymət artımına aylıq maksimum 25% hədd müəyyən edib. Qeyd olunur ki, aviasiya yanacağı aviaşirkətlərin əməliyyat xərclərinin 40%-nə qədərini təşkil edir.

MONETAR.AZ