Honda Çində birgə müəssisə zavodlarını bağlamağı planlaşdırır

Honda Çində birgə müəssisə zavodlarını

Honda Motor Co. Çində benzin mühərrikli avtomobillərin istehsalını azaltmağı planlaşdırır. Reuters agentliyinin məlumatına görə, şirkət bu il birgə müəssisələrindən birinin zavodunu bağlamağı, 2027-ci ildə isə daha bir zavodun fəaliyyətini dayandırmağı nəzərdən keçirir.

Məlumata əsasən, avtomobil istehsalçısı iyun ayında Guangzhou Automobile Group ilə birgə fəaliyyət göstərən benzin avtomobilləri zavodlarından birinin işini dayandıracaq. Eyni zamanda, Dongfeng Motor ilə ortaq digər zavodun da gələn il bağlanması mümkün sayılır.

Bu addım Çində xarici avtomobil istehsalçılarına təzyiqlərin artdığını göstərir. Belə ki, BYD kimi yerli elektrik avtomobili istehsalçıları bazar payını sürətlə artırır.

Hər bir birgə müəssisədə bir zavodun bağlanması Hondanın Çində benzin mühərrikli avtomobillər üzrə istehsal gücünü təxminən iki dəfə azaldaraq illik 960 min ədəddən 480 min ədədə endirəcək. Ümumi istehsal gücünün isə təxminən 720 min avtomobilə qədər azalacağı bildirilir.

Reuters-in məlumatına görə, bu restrukturizasiya Honda-nın Çində satışlarının kəskin azalmasından sonra elektrik avtomobillərinə yönəlməsi ilə bağlı daha geniş transformasiya planının tərkib hissəsidir və bunun dəyəri təxminən 15,7 milyard dollar ola bilər.

MONETAR.AZ