Saudi Aramco qaz bölməsinin ayrıca struktur kimi formalaşdırılması və gələcəkdə birjaya çıxarılması imkanlarını nəzərdən keçirir. “Bloomberg”in məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, şirkət bu proses üzrə məsləhət xidmətləri göstərmək üçün “Evercore” şirkətini cəlb edib.
Müzakirə olunan plana əsasən, Aramco daxilində müstəqil qaz bölməsinin yaradılması nəzərdə tutulur. Yeni strukturun əlavə investisiyalar cəlb etməsi, gələcəkdə isə 100 milyard dollardan artıq dəyərləndirmə ilə IPO vasitəsilə birjaya çıxarılması və ya şirkətdə azlıq payının investorlara satılması variantları nəzərdən keçirilir.
“Bloomberg” bildirir ki, planlar hələ yekun qərar mərhələsində deyil və müzakirələr davam etdikcə dəyişdirilə bilər.
Yenidənqurma prosesi “Gamma Layihəsi” adı altında da müzakirə olunur. “Boston Consulting Group”un da Aramco-ya bu istiqamətdə məsləhət verdiyi və qaz biznesinin potensialını tam reallaşdırmaq üçün onun ayrıca struktur kimi ayrılmasını tövsiyə etdiyi bildirilir.
Aramco-nun qaz biznesinin genişləndirilməsi şirkətin uzunmüddətli investisiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət Cəfurə (Jafurah) yatağı və digər layihələr də daxil olmaqla, qaz sektoruna 100 milyard dollardan çox investisiya yatırmağı planlaşdırır.
Şirkət 2030-cu ilədək qaz hasilatını təxminən 80% artırmağı, eyni dövrə qədər qaz biznesindən 15 milyard dollara qədər əlavə əməliyyat pul axını əldə etməyi hədəfləyir.
Bununla yanaşı, Aramco dövlət layihələrinin maliyyələşdirilməsi və dividend ödənişlərinin təmin edilməsi məqsədilə 35 milyard dollara qədər aktivin satışını da nəzərdən keçirir.
Qaz biznesinin ayrıca şirkətə çevrilməsi və mümkün IPO Aramco üçün həm yeni kapital cəlb etmək, həm də qaz aktivlərinin bazar dəyərini ayrıca ortaya çıxarmaq imkanları yarada bilər. Lakin hazırda söhbət yekun qərardan deyil, müzakirə olunan struktur dəyişiklikləri variantından gedir.
MONETAR.AZ