124 trilyon dollarlıq dünya iqtisadiyyatı: sərvət niyə hamıya çatmır?

124 trilyon dollarlıq dünya iqtisadiyyatı:

Dünya iqtisadiyyatının ümumi həcmi 124 trilyon dolları keçsə də, bu sərvət ölkələr və əhali arasında bərabər bölüşdürülmür. İnkişaf etmiş ölkələrdə milyonlarla insan müasir texnologiya, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış əldə etdiyi halda, Afrikanın bir sıra ölkələrində əhali hələ də əsas ehtiyaclarla bağlı ciddi problemlərlə üzləşir.

Monetar.az xəbər verir ki, Dünya Bankının məlumatına görə, Afrikada təxminən 464 milyon insan ifrat yoxsulluq şəraitində yaşayıb. Eyni zamanda, təxminən 120 milyon insan ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşib.

UNICEF-in məlumatına əsasən, 2025-ci ildə Şərqi və Cənubi Afrikada təxminən 13 milyon uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkib.

Afrikadakı problemlərin əsas səbəbləri sırasında aşağı məhsuldarlıq, insan kapitalına kifayət qədər investisiya qoyulmaması, zəif infrastruktur, münaqişələr, sürətli əhali artımı və məhdud maliyyə imkanları göstərilir.

Asiyanın bir sıra ölkələri isə sənaye istehsalı, ixrac, texnologiya və təhsilə yatırımlar hesabına son onilliklərdə sürətli iqtisadi inkişaf əldə edib. Avropada isə yüksək məhsuldarlıq, güclü institutlar və sosial müdafiə sistemləri əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.

Bununla yanaşı, Afrikanın iqtisadi potensialı da yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2026-cı ildə Səhradan cənubda yerləşən Afrika ölkələrinin real ÜDM artımı təxminən 4,3 faiz təşkil edəcək.

İqtisadi inkişafın əsas göstəricisi yalnız ölkənin nə qədər məhsul və xidmət istehsal etməsi deyil. Təhsil, səhiyyə, infrastruktur, məhsuldarlıq və əhalinin iqtisadi imkanları da inkişaf səviyyəsinin mühüm göstəriciləridir.