Süni intellektin inkişafı xəbər redaksiyalarının iş prinsipini dəyişir. Media qurumları bir tərəfdən AI-nin sürət və xərc üstünlüklərindən istifadə etməyə, digər tərəfdən isə insan jurnalistikasını fərqləndirən xüsusiyyətləri qorumağa çalışırlar.
Monetar.az xəbər verir ki, Reuters İnstitutunun dünyanın müxtəlif ölkələrindən 264 rəqəmsal media rəhbəri arasında keçirdiyi sorğunun nəticələrinə görə, redaksiyaların əsas diqqəti jurnalistikanın süni intellektin əvəz edə bilmədiyi sahələrinə yönələcək.
Bura araşdırma jurnalistikası, hadisə yerindən məlumat toplamaq, mövzulara geniş kontekst vermək, təhlil və şərhlər hazırlamaq daxildir.
Media rəhbərləri səyahət bələdçiləri və məhsul rəyləri kimi xidmət xarakterli məzmunların isə AI tərəfindən daha sürətli hazırlanacağını düşünürlər. Ümumi xəbərlərin sadəcə yenidən təqdim edilməsi də gələcəkdə daha çox avtomatlaşdırıla bilər.
Bu şəraitdə redaksiyalar üçün əsas məsələ süni intellektdən istifadə etməklə yanaşı, insan jurnalistikasının araşdırma, yaradıcılıq və dərin təhlil imkanlarını qorumaq olacaq.