DİM sürücülər üçün növbəti imtahan keçirəcək

DİM sürücülər üçün növbəti imtahan

Dövlət İmtahan Mərkəzi (DİM) ölkədaxili sərnişin və yük daşımaları, eləcə də beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün növbəti imtahan keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahan sentyabrın 29-da keçiriləcək və iştirak üçün ümumilikdə 587 nəfər qeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda – Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında təşkil olunacaq. İmtahan saat 11:00-da başlayacaq və bir saat davam edəcək.

İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr həmçinin DİM-in rəsmi internet saytında yerləşdiriləcək.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı"  xidməti vasitəsi ilə əldə edə bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya təqdim edilən sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

Ölkədaxili sərnişin və yük daşımaları həyata keçirən sürücülər üçün imtahanda peşə fəaliyyəti və davranış qaydaları, iş və istirahət rejiminin xüsusiyyətləri, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 tapşırıq təqdim ediləcək.

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığını cavablandıracaqlar.

Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər 10 və daha çox bal topladıqları halda, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər isə 15 və daha çox bal topladıqda imtahanı uğurla keçmiş hesab olunacaqlar. Uğur qazanan iştirakçılara müvafiq şəhadətnamələr təqdim ediləcək.

İştirakçılar “Yaddaş kitabçası” ilə buradan  tanış ola bilərlər.