Satış artır, amma şirkət uduzur – endirim kampaniyalarının gizli riski

Satış artır, amma şirkət uduzur –

Endirim kampaniyaları satışları əhəmiyyətli dərəcədə artıra bilər, lakin yüksək satış göstəricisi hər zaman şirkətin daha çox qazanc əldə etdiyi anlamına gəlmir.

Kampaniya zamanı satış həcminin artması ilə yanaşı, mənfəət marjasının azalması, məhsullar arasında satışların bir-birini əvəz etməsi və gələcək alışların əvvəlcədən həyata keçirilməsi kimi risklər yarana bilər.

Daha böyük endirim məhsul satışını artırsada, şirkətin hər məhsuldan əldə etdiyi gəliri azalda bilər. Bu halda satış həcmi yüksəlsə də, ümumi mənfəət gözlənilən səviyyədə artmaya bilər.

Digər risk məhsullar arasında satışların bir-birini əvəz etməsidir. Müştəri endirimdə olan məhsulu seçdiyi üçün digər məhsulun satışından imtina edirsə, şirkət yeni satış yaratmır, sadəcə mövcud satışın istiqamətini dəyişir.

Kampaniya dövründə mağazaların və ya müştərilərin daha çox məhsul alması da satışların real artımı kimi qiymətləndirilməməlidir. Çünki həmin alışların bir hissəsi gələcək dövrlərdə baş verəcək satışların əvvəlcədən həyata keçirilməsi ola bilər.

Bu səbəbdən kampaniyanın effektivliyini yalnız satış həcmi ilə deyil, əlavə satış, əlavə mənfəət, kateqoriyanın ümumi böyüməsi, digər məhsulların satış itkisi və kampaniya xərcləri nəzərə alınmaqla qiymətləndirmək daha məqsədəuyğundur.

Əsas göstərici kampaniya zamanı yaranan satış sıçrayışı deyil, kampaniyanın şirkət və məhsul kateqoriyası üçün nə qədər əlavə dəyər yaratmasıdır.

Kampaniyanın nəticələri də yalnız endirim başa çatdığı anda deyil, sonrakı dövrdə də izlənilməlidir.

MONETAR.AZ