Bu gün Azərbaycanda Turizm İşçilərinin Peşə Bayramı Günüdür. Turizm işçiləri bu günü hər il sentyabrın 29-da qeyd edirlər.
Monetar.az xəbər verir ki, Azərbaycanda Turizm İşçiləri Günü peşə bayramının təsis edilməsi ilə bağlı sərəncamda edilən dəyişiklikdən sonra sentyabrın 29-da qeyd olunmağa başlayıb.
Son illərdə Azərbaycanda turizmin inkişafı, turizm infrastrukturunun genişləndirilməsi və ölkənin beynəlxalq turizm bazarında tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirilib.
Turizm sahəsində sahibkarlıq fəaliyyətinin inkişafı üçün 2015-ci ildə lisenziya tələbi ləğv edilib. 2016-cı ildə ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul olunub, elektron viza prosedurları sadələşdirilib və “ASAN Viza” sistemi yaradılıb.
2018-ci ildə Dövlət Turizm Agentliyinin yaradılması ilə turizm siyasətinin həyata keçirilməsi, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması və turizm sənayesinin inkişafı istiqamətində işlər genişləndirilib.
Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə müxtəlif ölkələrdə turizm nümayəndəlikləri fəaliyyət göstərməyə başlayıb. Eyni zamanda hotelçilik, turizm agentlikləri və bələdçilik sahələrində assosiasiyaların yaradılması sektorun inkişafına dəstək verib.
Turizm sahəsində kadr hazırlığı da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti davam etdirilir.
Azərbaycanın turizm potensialının inkişafında tarixi və mədəni irsin qorunması da xüsusi yer tutur. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işləri aparılıb, “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bərpa olunaraq turistlərin istifadəsinə verilib.
“Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də Azərbaycanın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisələrdən biri olub.
Hazırda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının inkişaf etdirilməsi istiqamətində də layihələr həyata keçirilir. Suqovuşanda turizm kompleksinin yaradılması, Ağdamda Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulması, həmçinin “Qarabağ Zəfər Marşrutları” çərçivəsində müxtəlif turizm layihələrinin hazırlanması bu istiqamətdə görülən işlər sırasındadır.
Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarının qiymətləndirilməsi, yeni turizm marşrutlarının yaradılması və regionun turizm destinasiyası kimi tanıdılması üzrə işlər davam etdirilir.