Almaniya və Fransadakı yeraltı qaz anbarlarının doluluq səviyyəsi 50 faizdən aşağı düşüb. Bu barədə “Qazprom” məlumat yayıb, məlumat mənbəyi kimi Gas Infrastructure Europe (GIE) göstərilib.
Enerji şirkəti bildirir ki, 9 yanvar tarixinə Almaniyanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 48,2 faiz, Fransada isə 49,2 faiz qalıb. Avropaya gəlmiş soyuq hava qazın daha sürətlə istehlak olunmasına səbəb olur.
7 və 8 yanvar tarixlərində Avropadakı yeraltı anbarlardan həmin günlər üçün maksimum həcmdə qaz çıxarılıb və bu, müşahidə tarixində ən yüksək göstəricidir. 5 və 6 yanvar tarixlərində isə anbarlardan çıxarılan qaz həcmləri əvvəlki gündəlik maksimumları yeniləyib. 9 yanvar tarixinə Avropadakı yeraltı anbarlarda 56,3 milyard kubmetr qaz saxlanılır. Bu, anbarların ümumi həcminin 55,5 faizi deməkdir və keçən ilin səviyyəsindən 12,6 milyard kubmetr azdır. “Qazprom” belə nəticəyə gəlib .
Dekabrın sonunda “Qazprom” Baltik ölkələrində qazla bağlı “son dərəcə çətin” vəziyyət olduğunu bildirib.