İranda etirazlar fonunda neft qiymətləri sabit qalıb

İranda etirazlar  fonunda neft qiymətləri

Bugün Asiya ticarəti zamanı neft qiymətləri əsasən sabit qalıb. İnvestorlar İranda artan iğtişaşlar səbəbindən tədarükdə mümkün fasilələr riskini Venesueladan bazara əlavə barellərin qayıtması perspektivi fonunda qiymətləndiriblər.

Mart ayında tədarükü nəzərdə tutulan Brent markalı neft fyuçersləri 0,1% bahalaşaraq bir barel üçün 63,39 dollar olub. West Texas Intermediate (WTI) markalı xam neftin fyuçersləri də 0,1% artaraq bir barel üçün 59,15 dollara yüksəlib.

Hər iki kontrakt ötən həftə geosiyasi gərginliyin artması fonunda 3%-dən çox yüksəlib.

Bazarlar əsas diqqəti Yaxın Şərqin əsas istehsalçılarından biri olan İrana yönəldib. Son günlər bu ölkədə genişmiqyaslı hökumətə qarşı etirazlar güclənib.

ING analitikləri qeydlərində bildiriblər ki, “İran OPEC-in dördüncü ən böyük üzvüdür və gündəlik təxminən 3,2 milyon barel xam neft hasil edir. Bu səbəbdən bazar üzərində əhəmiyyətli tədarük riski mövcuddur”.

Venesuelada hasilatın bərpası perspektivinə baxmayaraq neft nəhəngləri ehtiyatlı mövqedə qalırlar. ExxonMobil Venesuelanı əhəmiyyətli siyasi və hüquqi islahatlar olmadan “investisiya üçün yararsız” ölkə kimi xarakterizə edib.

ING analitikləri əlavə ediblər ki, “aktivləri əvvəllər Venesuela hökuməti tərəfindən milliləşdirilmiş neft şirkətləri beynəlxalq məhkəmələrin onlara verdiyi kompensasiyanı almadan ölkəyə qayıtmaqda çətinlik çəkə bilərlər”.

MONETAR.AZ