Dünən yanvarın 10-da “Qazprom” “Sibirin Gücü” qaz kəməri vasitəsilə Çinə gündəlik qaz tədarükündə yeni tarixi rekord qeydə alıb.
Bu barədə holdinqin mətbuat xidməti məlumat yayıb.
“Qazprom” “Sibirin Gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükünün tarixi rekordunu yeniləyib”, deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiyadan Çinə qaz tədarükü “Qazprom” ilə Çinin enerji şirkəti CNPC arasında imzalanmış uzunmüddətli qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilir.
Bundan əvvəl “Sibirin Gücü” qaz kəməri ilə Çinə gündəlik qaz tədarükündə tarixi rekord 2025-ci ilin dekabr ayının əvvəlində qeydə alınmışdı. Həmin vaxt “Qazprom” 1 dekabr 2024-cü ildən etibarən kəmər üzrə tədarükün maksimum müqavilə səviyyəsinə çatmasından sonra artıq onuncu rekordun qeydə alındığını açıqlamışdı.
Daha sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, “Sibirin Gücü–2” qaz kəməri ilə Rusiyadan Çinə qaz tədarükünə dair kommersiya sazişlərinin imzalanmasına hazırlıq artıq yekun mərhələdədir. Onun sözlərinə görə, qaz kəmərinin Monqolustan ərazisindən keçən hissəsi artıq layihələndirilib və Rusiya şirkətləri tərəfdaşlarla birlikdə qaz tədarükü üzrə kommersiya razılaşmalarının əldə olunmasının son mərhələsindədirlər.