Hörmüz boğazına yaxınlaşan iki tam yüklü Çin neft supertankeri Fars körfəzindən çıxmağa cəhd göstərən ilk kommersiya gəmiləri ola bilər. Bu addım ABŞ–İran atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra baş verib. Xəbər Bloomberg tərəfindən yayılıb.
Gəmi izləmə sistemlərinin məlumatına görə, “Cospearl Lake” və “He Rong Hai” supertankerləri bugün səhər saatlarında maksimal sürətlə şərq istiqamətində Körfəzdən çıxışa doğru hərəkət edib. Hər iki gəmi naviqasiya sistemlərində Çin mənsubiyyətini göstərib. Bu, Tehran tərəfindən tranzitə icazə verilmiş tankerlər üçün standart təhlükəsizlik tədbiridir. Lakin boğaza çatmadan gəmilər demək olar ki, tam dayanıb.
Çin tankerləri hazırda boğazın girişində, Birləşmiş Ərəb Əmirlikləri tərəfində toplanan böyük donanmanın avanqardı hesab olunur. Onlara artıq Səudiyyə Ərəbistanı supertankeri “Jaham” da qoşulub və bu gəmi Dubay sahilləri yaxınlığında gözləmə zonasına keçib. Eyni ərazidə mart ayının sonundan bəri iki Hindistan supertankeri — “Desh Vibhor” və “Desh Vaibhav” da lövbər salıb.
Bu gəmilərin hərəkəti gəmi sahiblərinin risk alaraq bir neçə həftədir qapalı qaldıqları daxili dənizdən çıxmağa cəhd etdiyini göstərir. Lakin onların növbəti marşrutu hələ də qeyri-müəyyən olaraq qalır.
Gəmi sahibləri təhlükəsiz keçid prosedurları ilə bağlı məlumat çatışmazlığından şikayətlənirlər. Çərşənbə günü radio rabitəsi vasitəsilə İran hərbi qüvvələri gəmilərə xəbərdarlıq edib ki, Hörmüz boğazından tranzit hələ də Tehranın birbaşa icazəsini tələb edir.
Qlobal logistika şirkətləri isə hələlik ehtiyatlı mövqe tutur. Yaponiyanın Mitsui O.S.K. Lines korporasiyasının yeni prezidenti Cotaro Tamura bildirib ki, donanmanı boğaza göndərməzdən əvvəl “uzunmüddətli sabitlik” görmək lazımdır.
Çin tankerlərinin bu riskli manevri daşınan yük baxımından da diqqət çəkir. “Cospearl Lake” təxminən 2 milyon barel İraq xam nefti, “He Rong Hai” isə 2 milyondan çox Səudiyyə nefti daşıyır.
Keçən ayın sonunda iki konteyner gəmisi Cosco uğurla Tehranla razılaşdırılmış marşrutla Fars körfəzindən çıxmağı bacarıb. Daha sonra Pekin Çin gəmilərinin çıxışının “müvafiq tərəflərlə” koordinasiya edildiyini rəsmi şəkildə təsdiqləyib.
MONETAR.AZ