Bloomberg xəbər verir ki, Rusiya və İran diplomatları milyarder İlon Maskın SpaceX şirkətinə məxsus Starlink peyk sistemini beynəlxalq hüququ pozmaqda ittiham ediblər. Hadisə bazar ertəsi BMT-nin kosmik məkanın sülh məqsədləri üçün istifadəsi üzrə komitəsinin iclasında baş verib.
Rusiya nümayəndələri qeyd ediblər ki, SpaceX 1967-ci il Kosmos Müqaviləsinin müddəalarını poza bilər. Bu sənəd, 100-dən çox ölkə tərəfindən ratifikasiya olunub və peyk operatorlarının kosmik sahədə digər iştirakçıların maraqlarını nəzərə almasını tələb edir. Rusiya tərəfi bildirib ki, böyük bir peyk qrupunun özəl şirkətə məxsus olması “kosmik fəaliyyətin uzunmüddətli dayanıqlılığı və kosmik məkanın istifadəsi maraqlarına uyğun gəlmir”. Moskva yeni peyklərin sayını məhdudlaşdırmaq və kommersiya peyk tezliklərinin hərbi məqsədlər üçün istifadəsi qaydalarını aydınlaşdırmaq üçün beynəlxalq danışıqlar aparılmasını tələb edib.
İran nümayəndələri isə Starlink-in ölkədə “qanunsuz istifadəsi” ilə suverenliyinin pozulduğunu bildiriblər. Peyk sistemi artıq İranda qadağan edilsə də, son illərdə ölkəyə təxminən 50 min terminal, Starlink internet paylayıcı cihazı qaçaq yolla gətirilib.
Hazırda Starlink şəbəkəsində təxminən 9,6 min peyk var. Agentlik qeyd edir ki, sistem Ukrayna ordusu və İran etirazçıları tərəfindən “əsas kommunikasiya kanalı” kimi istifadə olunub.
Eyni zamanda, SpaceX bu il IPO keçirərək kosmik şirkət üçün təxminən 50 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır.
MONETAR.AZ