Yanvarda pərakəndə ticarət dövriyyəsi 5,3 milyard manatı ötüb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq məhsul satılıb. Bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib. Qeyri-ərzaq seqmentində daha yüksək dinamika müşahidə olunması istehlak strukturunda dəyişikliklərin davam etdiyini göstərir.
Yanvar ayında alıcıların xərclərinin 49,1 faizi ərzaq məhsullarına, 4,9 faizi içkilər və tütün məmulatlarına yönəlib. Qeyri-ərzaq malları üzrə xərclərin 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,7 faizi avtomobil benzini və dizel yanacağına, 4,5 faizi elektrik malları və mebellərə, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,5 faizi kompüterlər və telekommunikasiya avadanlıqlarına sərf olunub. Digər qeyri-ərzaq mallarının payı isə 17,2 faiz təşkil edib.
Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini formalaşdırıb.
Pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 5,4 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 5,5 faiz artıb.
Yanvar ayında əhalinin hər nəfərinə orta hesabla 515,7 manatlıq mal alışı düşüb. Bunun 278,6 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 237,1 manatı isə qeyri-ərzaq mallarına sərf edilib.
MONETAR.AZ